Cümə axşamı, Fevral 25Rəsmi Sayt

Ali Məqamlı Rəhbər: ABŞ-ın irqçi davranışını qınayır, xalqın hərəkətini dəstəkləyirik

Həzrət Ayətullah Xamenei Həcc günləri münasibətilə ünvanladığı müraciətdə İslam ümmətinin təcavüzkar ABŞ və sionist rejimi qarşısındakı vəhdətinin zəruriliyini, habelə məzlum Fələstinə yardım, Yəmənin yaralı bədəninə və dünyanın bütün nöqtələrində zülmə məruz qalmış müsəlmanlara görə narahatlıq hissi keçirilməsinin diqqət mərkəzində saxlanmasının vacibliyini vurğulayaraq bir neçə günlük şəxsi mənfəətlərinə görə qəsbkar sionist rejimi ilə dostluq edən bəzi İslam ölkələrinin başçılarına bu alçaldıcı davranışdan çəkinməyi tövsiyə etdi. Sonra ABŞ-ın regiondakı varlığı və ABŞ-da cərəyan edən hadisələrə işarə edərək dedi: “ABŞ-ın Qərbi-Asiyadakı varlığının bu regionun xalqları üçün zərərli olduğunu, ölkələrin geriliyinə, dağılmasına və sabitliyinin pozulmasına səbəb olduğunu düşünürük. Bu gün ABŞ-da baş verən hadisələr və orada irqi ayrıseçkiliyə qarşı etirazlarla bağlı qəti mövqeyimiz xalqdan yanadır və biz o ölkənin irqçi hökumətinin qəddar davranışını qınayırıq”.

İslam İnqilabının Ali Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Həmd aləmlərin Rəbbi üçündür. Allahın salavat və salamı olsun Muhəmmədə, onun pak ailəsinə, seçkin səhabələrinə və yaxşı işlərdə onların yolunu davam etdirən insanlara Qiyamət gününə qədər

İslam dünyasının həmişə izzət, əzəmət və çiçəklənmə hissi yaşadığı mövsüm olan Həcc mövsümü bu il möminlərin qəm-qüssəsinə, aşiqlərin ayrılıq və nakamlıq hissinə səbəb oldu. Qəlblər Kəbənin həsrətilə yanır, ondan ayrı düşənlərin “ləbbeykə” şüarları göz yaşları və ah-nalələrlə müşayiət olunur.

Bu mərhumiyyət qısa sürəcək, Allahın güc və qüvvəsi sayəsində uzun sürməyəcək. Lakin böyük Həcc nemətinin qədrinin bilinməsi dərsi qalıcı olmalı və bizi qəflətdən oyatmalıdır. İslam ümmətinin möminlərin Kəbədə, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hərəmində və Bəqi imamlarının (əleyhimissalam) ziyarətləri zamanı ümumi və müxtəlif izdihamlarındakı qüdrət və əzəmətinin sirrini bu il həmişəkindən daha çox hiss etməli və bu barədə düşünməliyik.

Həcc misilsiz bir ayindir. O, İslamın vacib ibadətləri arasında yüz ləçəkli bir gülə bənzəyir. Sanki dinin bütün mühüm əhəmiyyət daşıyan fərdi, ictimai, yerə xas olan, səmavi, tarixi və beynəlxalq yönləri burada yaşanmalıdır.

Mənəviyyat ondadır, ancaq xəlvətsiz, guşənişinliksiz və inzivasız. Münaqişəsiz, mübahisəsiz və nifrətsiz toplaşmaq ondadır. Bir tərəfdən ilahi zikr, dua və minacatın ruhi həzzinə, digər tərəfdən də insanlar arasında ünsiyyət və əlaqəyə malikdir.

Hacı bir gözü ilə tarix, İbrahim, İsmail və Hacər, Məscidül-harama qalibiyyətlə daxil olarkən Allah Rəsulu və İslamın ilk illərinin möminlər ordusu ilə olan qədim bağlılığına, digər gözü ilə öz dövrünün möminlərinin izdihamına baxır. Bu baxışların hər biri qarşılıqlı yardımlaşmağa və Allahın ipindən birlikdə yapışmağa kömək edə bilər.

Həcc fenomeni haqqında dərindən düşünüb daşınmaq həcc ziyarətində olan adamda belə bir qəti inam yaradır: dinin bəşəriyyətlə bağlı olan ideya və arzularının bir çoxu dindarlar toplusunun birliyi, həmrəyliyi və əməkdaşlığı olmadan həyata keçmir. Bu həmrəylik və əməkdaşlığın yaranması ilə düşmən və müxalif tərəflərin hiyləsi bu yolda elə də böyük maneə yaratmır.

Həcc fəsad, zülm, zəifləri öldürən qarət ocağı olan imperialistlər qarşısında güc nümayişidir. Bu gün İslam ümmətinin cismi və canı onların zülm və düşmənçiliyi nəticəsində xəsarət alaraq qana boyanıb. Həcc ümmətin bərk və yumşaq imkanlarının nümayişidir.

Bu, Həccin təbiəti, ruhu və mühüm hədəflərinin bir hissəsidir. Bunu rəhmətlik Böyük İmam Xomeyni İbrahim Həcci adlandırmışdı. Özlərini iki hərəmin xadimləri hesab edən həcc rəhbərləri bu həqiqət qarşısında sədaqətlə boyun əysələr, ABŞ hökumətinin məmnunluğunun əvəzinə Allahın razılığını seçsələr, İslam dünyasının böyük problemlərini həll edə bilərlər.

Bu gün həmişəki kimi – həmişəkindən daha çox İslam ümmətinin zəruri məsləhəti vəhdətdədir. Bu, təhdidlər və düşmənçiliklər qarşısında birlik olmaqdır, təcəssüm edən şeytan, təcavüzkar və qəddar ABŞ, onun zəncirə vurulmuş iti olan sionist rejiminin başına ildırım kimi çaxmaqdır, zorakılıqlara qarşı cəsarətlə sinə gərməkdir.

Bu, Allah-taalanın “وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِیعًا وَلَا تَفَرَّقُوا” (Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! ) – deyə buyurduğu mənadır.

Qarani-Həkim İslam ümmətini “أَشِدَّاءُ عَلَی الْکُفَّارِ رُحَمَاءُ بَیْنَهُمْ ” (kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər) xüsusiyyəti ilə səciyyələndirir, ondan “وَلَا تَرْكَنُوا إِلَى الَّذِينَ ظَلَمُوا وَلَنْ يَجْعَلَ اللَّهُ لِلْكَافِرِينَ عَلَى الْمُؤْمِنِينَ سَبِيلًا فَقَاتِلُوا أَئِمَّةَ الْكُفْرِ لَا تَتَّخِذُوا عَدُوِّي وَعَدُوَّكُمْ أَوْلِيَاءَ ” (Zalımlara meyl etməyin. Allah kafirlərə möminləri (məğlub etməyə )yol verməyəcəkdir. Küfr başçıları ilə vuruşun. Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! ) vəzifəsinə əməl etməyi tələb edir, düşməni təyin etməsi üçün “لا یَنهٰکُمُ اللهُ عَنِ الَّذینَ لَم یُقاتِلوکُم فِی الدّینِ وَلَم یُخرِجوکُم مِن دِیارِکُم” (Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələri sizə qadağan etmir) hökmünü verir.

Bu mühüm və tale yüklü əmrlər biz müsəlmanların fikir və düşüncə sistemindən kənarda qalmamalı və unudulmamalıdır.

Bu gün ümmətin, onun islahat haqqında düşünən, canıyanan ziyalılarının əlində bu siyasi dəyişiklik üçün həmişəkindən çox zəmin var. Bu gün müsəlman ziyalılar və gənclərinin öz mənəvi və epistemoloji potensiallarına diqqət kimi başa düşülən islami oyanış inkarolunmaz bir həqiqətdir. Bu gün əlli il, yüz il bundan qabaq Qərb mədəniyyətinin ən üstün ərməğanı hesab edilən liberalizm və kommunizm tamamilə gözdən düşmüş və əlacları olmayan qüsurları üzə çıxmışdır. Birinə əsaslanan sistem çökdü, digərinə əsaslanan sistem də dərin böhranlarla qarşı-qarşıyadır və tənəzzül ərəfəsindədir.

Bu gün təkcə – əvvəldən də rüsvayçılıqla meydana ayaq basmış – Qərb mədəniyyəti nümunəsi yox, onun sisyasi və iqtisadi nümunəsi olan pul mərkəzli demokratiyası, sinfi və ayrıseçkiliyə əsaslanan kapitalizmi də öz yararsızlığını və fəsadlarını göstərir.

Bu gün İslam dünyasında başını qaldırıb iftixar və qürurla Qərbin bütün mədəni və epistemoloji iddialarının problemlərini açan, İslamın alternativlərini açıq şəkildə göstərən ziyalılar az deyil. Bu gün, hətta daha əvvəl qürurla liberalizmi tarixin sonu kimi təqdim edən bəzi qərb mütəfəkkirləri də bu iddialarını geri götürür, öz elmi və nəzəri çaşqınlıqlarını etiraf edirlər.

ABŞ küçələrinə, ABŞ-ın hökumət təmsilçilərinin xalqla olan davranışına, bu ölkədəki sinfi fasilənin dərin dərəsinə, ölkəni idarə etmək üçün seçilmiş insanların cılızlığı və sərsəmliyinə, ölkədəki qorxulu irqi ayrıseçkiliyə, cinayətkar olmayan bir adamı küçənin ortasında, insanların gözləri önündə işgəncə ilə qətlə yetirən məmurun qəddarlığına baxmaq qərb mədəniyyətinin əxlaqi və ictimai böhranın dərinliyi, onun siyasi və iqtisadi fəlsəfəsinin yanlışlığını aydın şəkildə görməyə kömək edir.

ABŞ-ın zəif xalqlarla davranışı dizini müdafiəsiz bir qaradərilinin boğazına qoyub canı çıxana qədər sıxan polisin davranışının böyümüş bir nüsxəsidir.

Digər qərb dövlətlərinin də hər biri öz miqyas və imkanları ölçüsündə bu faciəli vəziyyətin bir nümunəsidir.

İbrahim həcci İslamın bu modern cahiliyyət qarşısındakı əzəmətli hadisəsidir, İslama dəvət və İslam cəmiyyətinin həyat simvollarının nümayişidir. Bu elə bir cəmiyyətdir ki, onda möminlərin birgə yaşayışı, tövhid mehvəri ətrafında fasiləsiz hərəkət ən üstün əlamətdir; münaqişə, mübahisə, təcavüz, ayrıseçkilik, formal imtiyazlardan, fəsad və günahdan uzaqlıq onun vacib şərtidir; şeytanın daşlanması, müşriklərə nifrət, zəiflərlə qarışmaq, ehtiyacı olanlara köməklik göstərilməsi, imanlı insanların şüarlarının ucaldılması əsas vəzifələrdəndir; Allahı xatırlamaq, Ona və bəndələrinə təşəkkür etməklə müşayiət olunan ümumi maraqlara nail olmaq orta və son hədəflərdir.

Bu, İslam cəmiyyətinin İbrahim həcci güzgüsündəki ümumi təsviridir. Onun iddialı qərb cəmiyyətlərinin gerçəkliyi ilə müqayisəsi hər bir qətiyyətli müsəlmanın qəlbini belə bir cəmiyyətə nail olmaq üçün mübarizə şövqü ilə doldurur.

Biz İran xalqı Böyük İmam Xomeyninin rəhbərliyi ilə belə bir şövq və istəklə yola çıxdıq və uğur qazandıq. Biz bildiyimiz və sevdiyimizi tamamilə gerçəkləşdirdiyimizi iddia etmirik, ancaq iddia edirik ki, bu yolda çox irəliləmiş, çox maneələri ortadan qaldırmışıq. Quranın vədlərinə etimad etməyin sayəsində addımlarımız möhkəmlənib. Bu dövrün ən böyük qəddar və yolkəsən şeytanı olan Amerika bizi qorxuda, öz hiylə və kələyi ilə bizi məğlub edə, maddi və mənəvi inkişafımızın qarşısını ala bilməmişdir.

Biz bütün müsəlman xalqlarını öz qardaşlarımız hesab edirik, qarşı cəbhəyə daxil olmayan qeyri-müsəlmanlarla ədalətli və xoş davranırıq. Müsəlman cəmiyyətlərinin çətinliklərini öz çətinliklərimiz hesab edir, onların həlli üçün çalışırıq. Məzlum Fələstinə kömək, Yəmənin yaralı bədəni üçün acı çəkmək, dünyanın hər bir nöqtəsində zülmə məruz qalan müsəlmanların narahatlığını daim diqqət mərkəzində saxlayırıq.

Bəzi müsəlman ölkələrinin rəhbərlərinə, öz müsəlman qardaşına arxalanmaq əvəzinə düşmənin qucağına sığınan, bir neçə günlük şəxsi mənfəətləri üçün düşmənin təhqir və hədələrinə boyun əyən, öz xalqının izzəti və müstəqilliyini hərrac ağacı ilə döyən ölkə rəhbərlərinə nəsihət verməyi nəsihət verməyi vəzifə bilirik. Onlar qəsbkar və qəddar sionist rejimin qalmasını qəbul edir, gizlində və aşkarda onlarla dostluq edirlər. Bunlara nəsihət veririk, onları bu davranışın acı nəticələrindən qorunmağa çağırırıq.

ABŞ-ın Qərbi-Asiya regionundakı varlığı bu regionun xalqlarının ziyanına olduğunu, ölkələrin geriləməsinə, dağılmasına və sabitliyinin pozulmasına səbəb olduğunu düşünürük. Hal-hazırda ABŞ-da baş verən hadisələr və irqi ayrıseçkiliyə qarşı hərəkat bizim xalqdan yana olan qəti möbqeyimizdir və biz o ölkənin irqçi hökumətinin qəddar davranışını qınayırıq.

Sonda Həzrət Bəqiyyətullaha (canımız ona fəda olsun) salavat və salam göndərərək İmam Rahilin xatirəsini əziz tutur, şəhidlərin pak ruhlarına salam göndərir, Allah-taaladan yaxın gələcəkdə İslam ümmətinə təhlükəsiz, qəbul olunmuş və mübarək bir həcc istəyirəm.

Salam olsun Allahın saleh bəndələrinə

Seyid Əli Xamenei
29 iyul 2020

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir